Zlatan İbrahimoviç: “Məşqçilik mənlik deyil”

“Milan”ın müşaviri, ötənlərin futbol ulduzu Zlatan İbrahimoviç baş məşqçi olaraq özünü sınamaq imkanı ilə bağlı sualı cavablayıb.

Arena.az “Sports Illustrated” dərgisinə istinadən, isveçli mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Mən hələ də məşqçi olmaq istəmirəm, çünki bu, mənim üçün çox iş deməkdir. Bu qədər sahələri əhatə etməli, fikir və həllər arayıb tapmalı, oyunlara hazırlaşmalı və onlara nəzarət etməlisən, məşq etdirib çalışdırmalısan. Gecə-gündüz işləyirsən. Bir məşqçi kimi bir il mənə on il kimi gələrdi. Buna görə də bu, məni cəlb etmir”, deyə “İbra” vurğulayıb.

Xatırladaq ki, Zlatan İbrahimoviç ötən il futbolçu karyerasını bitirmək qərarına gəlib və futbolçu ikən sonuncu klubu olmuş “Milan” rəhbərliyində müşavir vəzifəsinə təyinat alıb.

Zlatan İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunyted” və “Los-Anceles Qelaksi”də çıxış edib.

Zlatan 2001-ci ilin yanvarında debüt etdiyi, 122 oyun keçirdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 62 qol və 25 məhsuldar ötürmə.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: