“Milan”ın isveçli sabiq hücumçusu Zlatan İbrahimoviç “RedBird” şirkətində “Milan”ın sahiblərinin əməliyyat tərəfdaşı və baş məsləhətçisidir.
Arena.az məlumat verir ki, beləliklə İbrahimoviçin “Milan”a mümkün qayıdışı haqqında şayiələr öz təsdiqini tapıb və Zlatan klubda vəzifə sahibidir.
İbrahimoviç futbolçu karyerasında sonuncu klubu olan “Milan”ın uğurları üçün 2020-ci ilin yanvar ayından çalışırdı. Zlatan 2010-2012-ci illər aralığında da “Milan”da çıxış edib. Ümumilikdə İbrahimoviç “Milan”ın heyətində 163 oyuna çıxıb, 93 qol vurub, 35 məhsuldar ötürmə verib.
İsveçli futbolçu PSJ (180 oyun, 156 qol, 61 məhsuldar ötürmə), “İnter” (117 oyun, 66 qol, 30 məhsuldar ötürmə), “Ayaks” (110 oyun, 48 qol, 17 məhsuldar ötürmə), “Yuventus” (92 oyun, 26 qol, 20 məhsuldar ötürmə), “Los-Anceles Qelaksi” (58 oyun, 53 qol, 15 məhsuldar ötürmə), “Mançester Yunayted” (53 oyun, 29 qol, 10 məhsuldar ötürmə), “Barselona” (46 oyun, 22 qol, 13 məhsuldar ötürmə) və “Malmö” (3 oyun, 3 qol, 1 məhsuldar ötürmə) kimi klublarda forma geyinib. İbrahimoviç formasını geyindiyi komandaların əksəri ilə çoxsaylı titullar qazanıb, hər mövsümdə müxtəlif fərdi uğurlara imza atıb.
Zlatan İbrahimoviç 2001-ci ilin yanvarında debüt etdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 122 oyun, 62 qol, 25 məhsuldar ötürmə.
Özünməxsus əcaibliyi ilə diqqət çəkən “İbra”nın gerçək siması ilə ictimai siması arasında təzad var. Arada Zlatan özünün tanrı olduğunu car çəkir, arada isə ziyadə kobudluğu ilə fərqlənir.


