“Sabah”ın yarımmüdafiəçisi İldar Ələkbərov bundan sonra Premyer Liqanın digər təmsilçisi “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, qış transfer pəncərəsinin açılmasından istifadə edən “Araz-Naxçıvan” heyətini gücləndirməyə çalışır. Sözügedən klub “Sabah”dan İldar Ələkbərovu icarəyə götürüb. Hər iki cinahda və hücumda oynamaq keyfiyyətinə malik 23 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın heyətində 17 nömrəli formanı geyinəcək.
İldar Ələkbərov 2021-ci ilin avqust ayında “Nefteximik”dən “Sabah”a gəlib. O, paytaxt təmsilçisinin əsas komandasında 34 oyun keçirib, 6 məhsuldar ötürmə müəllifi olub. 22 yaşlı futbolçu əvvəllər Rusiyada “Nefteximik” və “Stroqinyo”da oynayıb. O, Azərbaycanın U-21 millisinin də formasını geyinib.
Xatırladaq ki, “Sabah” daha öncə Aleksey İsayev (“Qarabağ”) və Ceyhun Nuriyevlə (“Zirə”) də yollarını ayırmışdı.


