Əmisi Luis Rubiales haqda: “Hökmlü, seksist və vaxtaşırı irqçidir”

İspaniya Kral Futbol Federasiyasının (RFEF) qalmaqallı sabiq prezidenti, başı bəlalı Luis Rubiales bu dəfə əmisindən “xasiyyətnamə” alıb.

Arena.az “Telecinco” dərgisinə istinadən məlumat verir ki, Luis Rubialesin əmisi, əvvəllər qardaşı oğlunun inzibatının rəhbəri vəzifəsində çalışmış Xuan Rubiales qohumunun xasiyyətini açıqlayıb:

“O, məni işdən qovdu, eynən Frankonun vaxtında işdən çıxarılmaları barədə sürücülərə bildiriş göndərəndə etdikləri kimi. Mənə elektron poçtla məktub göndərməklə eyni şeyi etdi.
İfadəsindən bir gün əvvəl o, qardaşı vasitəsilə mənimlə əlaqə saxladı və bağışlanma dilədi. O vaxt hər şeyi düzəldəcəyini söyləmişdi. Amma o, mənim barəmdə üç dəfə şikayət ünvanlayıb.
Ona dedim ki, xoşuma gəlməyən məqamlar var. O, mənə cavab verdi ki, əlindən milyonların necə keçdiyini və onun bunlarla heç nə edə bilmədiyini izləmək onun üçün çətindir. Rubialesdə pula, dəbdəbəyə, seksə aludə olan çox iddialı bir insanı ilk dəfə məhz o zaman gördüm. Həmin an biz bir-birimizdən yavaş-yavaş uzaqlaşmağa başladıq. Özümü təqdim etdiyim kimi olmadığımı anlayanda onun şəriki olmayacağımı anladı.

O, pul və seks əldə etmək üçün hakimiyyətdən istifadə edir. Düşünürəm ki, onun psixoloji yardıma və sosial bərpa planına ehtiyacı var. O, hökmlü, seksist və bəzən də irqçidir. Mənim qardaşım oğlu patoloji yalançıdır”, deyə Xuan Rubiales bildirib.

Xatırladaq ki, aprelin 3-də Lusi Rubiales Dominikan Respublikasından uçub gəldiyi İspaniya hava limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Bundan əvvəl İspaniya prokurorluğu Rubialesin həbsinə fərman vermişdi. Rubiales məhz bu həbs fərmanı əsasında saxlanılmışdı. Müvafiq fərman Səudiyyə Ərəbistanı ilə İspaniya Super Kubokunun ev sahibliyi hüquqlarının bu ölkəyə verilməsi ilə bağlı müqavilə işi ilə əlaqədar Mülkü Qvardiya tərəfindən RFEF binasında aparılmış axtarışlardan sonra verilmişdi.

Daha sonra Luis Rubiales sərbəst buraxılıb. Bu iş üzrə araşdırma isə davam edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: