34 yaşlı Stiv Besnard “Turan Tovuz”da

Fransanın 2-ci Liqa təmsilçisi “Po” komandasının 34 yaşlı mərkəz yarımmüdafiəçisi Stiv Besnard bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Turan Tovuz”un mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, fransalı yarımmüdafiəçi ilə anlaşma əldə olunub. 34 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Monpelye”nin yetirməsi olan Stiv Besnard karyerası ərzində vətənində “Bezye” və “Ayaçço” klublarında da çıxış edib. O, son mövsümdə Fransa Liqa 2-də “Po” forması ilə 27 oyunda meydan olub. 2020-ci ildən bu klubun formasını geyinən futbolçu bu ilin may ayında “Po” ilə 2 illik yeni müqaviləyə də imza atmışdı. İndi onun fikrini dəyişib “Turan Tovuz”a keçməsi maraq doğurur. Görünür, Tovuz təmsilçisi karyerasının qürub çağını yaşayan fransalı oyunçunun ya özünə, ya da onun klubuna diqqət çəkən məbləğ təklif edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: