Bəhlul Mustafazadə də “Elfsborq”la oyunu buraxacaq

“Qarabağ”ın daha bir futbolçusu – Bəhlul Mustafzadə də İsveçdə “Elfsborq”a qarşı keçirəcəkləri Avropa Liqasının matçını buraxacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, oyunun hazırlığı zamanı zədələnən müdafiəçi səfər matçında komandasına kömək edə bilməyəcək. Azərbaycan millisinin də üzvü olan futbolçu bud arxa əzələsinin gərilməsi ucbatından təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, öncədən zədəli olan Aleksey İsayev və Kevin Medina da bu görüşü buraxacaqlar.

Qeyd edək ki, “Elfsborq” – “Qarabağ” matçı dekabrın 12-də keçiriləcək. Oyuna dekabrın 13-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-də start veriləcək.

Keçirdiyi ilk beş oyunda bir qələbə qazanıb, dörd məğlubiyyətə üzülmüş Azərbaycan çempionu hazırda 3 xalla 32-ci sırada qərarlaşıb. Beş turda 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət görmüş İsveç təmsilçisi isə 4 xalla 28-ci yerdədir.

Xatırladaq ki, “Qəbələ”nin yetirməsi olan Bəhlul Mustafazadə 2021-ci ilin yayından “Qarabağ”ın uğurları üçün çalışır. O, cari mövsümdə meydana çıxdığı 19 oyunda 1 qol vurub. O, Ağdam təmsilçisinin heyətində bütövlükdə 121 oyuna çıxıb, 5 qola imza atıb. Bəhlulun “Qarabağ”la 2027-ci ilin 30 iyununa qədər qüvvədə olan müqaviləsi var.

27 yaşlı müdafiəçi “Qarabağ” və “Qəbələ”dən başqa “Sumqayıt” və “Sabah”da da forma geyinib. O, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Azərbaycan milli komandasında da 33 oyun keçirib, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: