Futbol üzrə Türkiyə milli komandası və “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.
Arena.az xəbər verir ki, İstanbul klubunun hücumçusu Cenk Tosun zədələnib.
O, Super Liqanın 34-cü turunun “Ərzurumspor”la oyununda sıradan çıxıb. Belə ki, qarşılaşmanın 75-ci dəqiqəsində Cenk Tosunun sağ diz qapağı yerindən çıxıb. Dərhal əvəzlənən 29 yaşlı hücumçu təcili yardım maşını ilə stadionu tərk edib.
Matçdan sonra açıqlama verən baş məşçi Sergen Yalçın Cenkin zədəsinin ciddi olduğunu bildirib. O, futbolçunun zədə səbəbindən mövsümün qalan hissəsini buraxmalı olacağını söyləyib. Bu gün əməliyyat olunacaq Türkiyə millisinin üzvü, 6-7 ay futbol oynaya bilməyəcək. O, AÇ-2020-də Türkiyə yığmasına da kömək edə bilməyəcək.
İngiltərənin “Everton” klubundan bu qış fasiləsi dönəmində mövsümün sonuna qədər icarəyə götürülmüş Cenk Tosun, “Beşiktaş”da 4 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.


