Teymur Rəcəbov 3-cü yer uğrunda oyunlardan imtina etdi

Teymur Rəcəbov səhhətində yaranan problemə görə şahmat üzrə Azərbaycan çempionatında mübarizəni davam etdirməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, şahmatçı bununla bağlı yarışın baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb.

37 yaşlı qrossmeyster sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda mübarizə apara bilməyəcəyini və bunun üzrlü hesab edilməsini bildirib.

Xatırladaq ki, şahmat üzrə Azərbaycan çempionatında final oyunlarına bu gün start veriləcək. Həlledici raundda Şəhriyar Məmmədyarovla Rauf Məmmədov üz-üzə gələcəklər.

Üçüncü yer uğrunda qarşılaşmada isə Teymur Rəcəbov Misrətdin İskəndərovla görüşməli idi. Amma Teymur bu görüşdən imtina etdiyi üçün Misrətdin İskəndərov oynamadan qalib elan ediləcək.

Qadınların yarışında isə Gövhər Beydullayeva ilə Günay Məmmədzadə finalda münasibətlərə aydınlıq gətirəcəklər. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Bu cütlər arasında ikinci partiyalar fevralın 14-də baş tutacaq.

Kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: