“Kəpəz”in müdafiəçisi Turan Manafov Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsinin qalibi olmasına münasibətini açıqlayıb.
Arena.az xatırladır ki, 26 yaşlı futbolçunun Premyer Liqanın 19-cu turu çərçivəsində qarşılaşdıqları “Turan Tovuz”la oyunda (5:2) vurduğu qol yanvar ayının ən yaxşısı elan edilib.
O, bununla bağlı Gəncə klubunun mətbuat xidmətinə açıqlama verib. Müdafiəçi bildirib ki, əsas olan “Kəpəz”in uğur qazanmasıdır:
“Seçimdə mənə üstünlük verənlərə təşəkkür edirəm. Həmin qoldan sonra sosial şəbəkələrdə azarkeşlərdən də təbriklər alırdım. Dəyər verən hər kəsə minnətdaram. Zərbəm dəqiq alındı deyə, daha da baxımlı oldu. Mənim üçün əsas olan komandanın qələbəsi, uğurudur. Məğlub olsaydıq, qolun ən yaxşı seçilməsinin bir mənası olmayacaqdı. Növbəti oyunlara, qələbələrə hazırlaşırıq. Klubumuz, azarkeşlərimiz üçün yaxşı nəticələr qazanmağa çalışacağıq”.
Xatırladaq k, ötən mövsümü “Araz-Naxçıvan”da keçirmiş müdafiəçi o vaxt da iki dəfə “Ayın qolu” layihəsinin qalibi olmuşdu. Bir sözlə, bu, Turan Manafovun karyerasında üçüncü belə mükafatdır.
“Kəpəz” Turan Manafovu 2024-cü ilin sentyabr ayında azad agent kimi heyətinə qatıb. 26 yaşlı futbolçunun Gəncə klubu ilə cari mövsümün sonuna qədər – 2025-ci ilin 30 iyununadək müqaviləsi var.
Xatırladaq ki, Turan “Kəpəz”in heyətində indiyə qədər 18 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Turan Manafov daha öncə “Araz-Naxçıvan”, “Səbail”, “Qarabağ”, “Sumqayıt” və “Olimpiakos” (Volos) kimi klublarda da forma geyinib. Müdafiəçi vaxtilə Azərbaycanın U-21 yığmasında oynasa da, əsas millimizdə debüt şansı qazanmayıb.


