Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 24-cü turunda Şamaxı şəhər stadionunda “Şamaxı” – “Turan Tovuz” oyunu keçirilməlidir.
Arena.az xəbər verir ki, hava şəraiti səbəbindən oyunun canlı yayımının baş tutmayacağı və VAR-ın olmayacağı bəlli olub.
Məhz bu səbəbdən Tovuz klubu rəsmi şəkildə oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət edib. Klubun bununla bağlı yaydığı bəyanatda deyilir:
“Bu gün Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində, saat 14:30-da Şamaxı şəhər stadionunda “Şamaxı” – “Turan Tovuz” oyunun baş tutmalıdır. Ancaq hava şəraiti səbəb kimi göstərilərək oyunun canlı yayımının baş tutmayacağı və VAR-ın olmayacağı dəqiqləşib. Bu səbəbdən klub olaraq rəsmi şəkildə oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etmişik. Bir daha bəyan edirik ki, VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var.
Qeyd etmək istəyirik ki, bir neçə gün öncədən hava şəraitinin kəskin dəyişəcəyi haqda rəsmi proqnoz verilməsinə və bu haqda PFL-ə rəsmi məlumat verməyimizə baxmayaraq, bu hadisələr baş verib.
“CBC Sport” da açıqlama yaydı
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı “CBC Sport” da açıqlama yayıb. Telekanal bu matçın canlı yayımlanmayacağını bəyan edib:
“Bu gün Azərbaycan Premyer Liqasında keçiriləcək “Şamaxı” – “Turan Tovuz” oyunu yayımlanmayacaq. 24-cü turun bu oyununu göstərə bilməməyimizə səbəb bu gün səhər Bakı – Şamaxı yolunda əlverişsiz hava şəraiti ilə bağlı yaranmış ağır vəziyyət olub. Komandalar, oyunun təşkilatçıları və digər rəsmilərin əksəriyyəti ötən gün Şamaxı şəhərinə gəliblər. “CBC Sport” isə 24-cü turun start görüşlərini yayımladığı üçün səfərə yalnız bu gün – fevralın 23-ü səhər saatlarında yola düşməli olub. Lakin Şamaxı şəhərinə 97 kilometr qalmış yoldakı vəziyyət daha da ağırlaşdığından və qəza şəraiti yarandığından heyətin və texniki avadanlığın təhlükəsizliyini nəzərə alaraq geri qayıtmaq haqqında qərar qəbul olunub. Sona qədər bu oyunun verilməsi üçün çalışdıq. Lakin bizim üçün şəxsi heyətin təhlükəsizliyi, insanların sağlamlığı və həyatı hər şeydən vacibdir. PFL, AFFA, “Şamaxı” və “Turan Tovuz” klublarına dəstək olduqları, bizimlə bu çətin anlarda daim əlaqədə olduqları və vəziyyəti anlayışla qarşıladıqları üçün minnətdarlığımızı bildiririk. Azarkeşlərdən və tamaşaçılardan bu oyunu yayımlaya bilmədiyimiz üçün üzr istəyirik”.
Qeyd edək ki, oyunun saat 14:30-da başlanması gözlənilir.


