“Mançester Yunayted”in həmsahibi Cim Retkliff “qırmızı şeytanlar”ın ötən yay həyata keçirdikləri transferləri qiymətləndirib.
Arena.az britaniyalı milyarderin müvafiq qənaətini təqdim edir:
“Bəli, müvafiq keçidləri uğurlu hesab edirəm. Amma siz də başa düşməlisiniz ki, bizim az vaxtımız vardı”, deyə Retkliff özünü mümkün uğursuzluqlardan sığortalayacaq diplomatik cavabı ilə diqqət çəkib.
Cim Retkliff daha bir maraqlı açıqlaması ilə diqqət çəkib. O, “qırmızı şeytanlar”ın qadınlardan ibarət komandasının işlərinin, klubun kişilərdən ibarət komandasının işlərindən daha yaxşı getdiyi qənaətindədir:
“Düzünü desəm, qadınlardan ibarət komandanın işləri kişilərin komandasından yaxşı gedir. Qadınlarımız liqada ikincidirlər və ötən mövsüm İngiltərə Kubokunu qazanıblar”, deyə Retkliff vurğulayıb.
“Mançester Yunayted”in idman direktoru Omar Berrada isə belə bir qənaətdədir ki, “qırmızı şeytanlar” düzgün istiqamətdə irəliləyirlər:
“Qələbələrə çevrilməsələr də, biz ilk nəticələri görürürk. Amma əminliyim var ki, biz düzgün istiqamətdə irəliləyirik. bu yol isə “Mançester Yunayted”i zirvəyə qaytaracaq”, deyə Berrada açıqlayıb.
Yeri gəlmişkən, “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın həmsahibi, britaniyalı milyarder Cim Retkliff ilə münasibətinin qaydasında olduğunu açıqlayıb. Portuqal mütəxəssisin bu barədə açıqlamasını təqdim edirik:
“Klubdakı işimin ilk günündən mənim Cin Retkliff ilə əla münasibətim var”, deyə Amorim bildirib
“Mançester Yunayted”in sabiq hücumçusu, ingilis veteran Ueyn Runi də keçmiş komandasının durumuna münasibət bildirib. O, belə bir fikirdədir ki, bəzi futbolçular “qırmızı şeytanlar”ın düşərgəsini tərk etməlidirlər:
“Onlar özlərini itirmiş və qorxmuş görünürlər. Mən düşünürəm ki, 10-15 futbolçusu klubu tərk etməlidir”, deyə Runi “qəhrəmanlar”ın adlarnı açıqlamadan ümumi fikir bildirib.
Runi hazırda dünyanın ən yaxşı futbolçusu mövzusunda fikrini də açıqlayıb:
“Məncə, Məhəmməd Salah hazırda dünyanın ən yaxşı futbolçusudur”, deyə ötənlərin məşhur hücumçusu bəyan edib.


