“Turan Tovuz” klubu futbolçusu Veysəl Rzayevlə tribunada yer alan azarkeşlər arasında yaranmış mübahisəyə dair açıqlama yayıb.
Arena.az xəbər verir ki, Tovuz klubunun yaydığı rəsmi açıqlamada bunlar qeyd olunub:
“Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilmiş “Səbail” – “Turan Tovuz” oyunundan sonra yaşanmış xoşəgəlməz hadisə ilə bağlı təəssüf hissi keçirdiyimizi bildiririk. Məsafədən asılı olmayaraq, hər zaman komandasının yanında olan, səfər oyunlarında belə ev oyunu ab-havası yaradan azarkeşlərimizin irad və təklifləri inkişafımız üçün çox vacibdir. Komandası ilə bütövləşmiş tribunada istənilən şəxsin təhqir olunması bizi daha da narahat edir.
Bildirmək istəyirik ki, oyunçular tərəfindən azarkeşlərə qarşı göstərilən qeyri-adekvat reaksiya yolverilməzdir. Baş verən hadisə ilə bağlı oyunçulara qarşı klubumuzun daxili intizam qaydalarına uyğun olaraq müvafiq addımlar atılıb. Hər zaman olduğu kimi “Turan” ailəsini vacib missiya uğrunda birlik olmağa çağırırıq”.
Xatırladaq ki, qolsuz başa çatmış “Səbail”lə oyundan sonra Tovuz təmsilçisinin futbolçusu Veysəl Rzayev tribunaya qalxaraq komandanın uğursuz nəticələrinə etiraz edən azarkeşlərlə mübahisəyə girişmişdi.
Qeyd edək ki, son turlarda qələbə qazana bilməyən “Turan Tovuz” hazırda 44 xalla Azərbaycan Premyer Liqasının yarış cədvəlində 4-cü pillədə qərarlaşıb.


