“Sabah”ın bosniya və herseqovinalı sol cinah müdafiəçisi Boyan Letiç futbol üzrə Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumat verir.
Xəbərdə bildirilir ki, “Sabah”ın legioneri bu matçlara yalnız bir klubda çıxıb. Paytaxt təmsilçisi ilə 100 görüşə çıxan 32 yaşlı müdafiəçinin yubileyi Premyer Liqanın cari mövsümünün 29-cu turuna təsadüf edib. Boyan “Kəpəz”lə ev qarşılaşmasına start heyətində çıxıb.
Qeyd edək ki, müdafiəçinin yubiley oyununda komandası 0:1 hesabı ilə uduzub.
Letiç Premyer Liqamızda keçirdiyi 100 matçda 4 qola imza atıb, 14 assist müəllifi olub.
Letiçin Azərbaycan Premyer Liqasındakı debütü 2021/2022-ci illər mövsümündə gerçəkləşib. O, 2022-ci il fevralın 27-də “Neftçi” ilə ev qarşılaşmasında (0:1) debüt edib.
Boyan Letiç 2022-ci ilin fevralından “Sabah”ın uğurları üçün çalışır. Bosniya və Herseqovinadan olan futbolçu cari mövsümdə 34 oyunda iştirak edib və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, indiyə qədər paytaxt təmsilçisinin heyətində 116 oyuna çıxıb, 6 qol və 15 məhsuldar ötürmə müəllifi olub.
Letiç karyerası ərzində “Jilina”, “Veles Mostar”, “Mirandes”, “Sarayevo”, “Kozara Qradiska”, “Radniçki Nis”, “Karvina” kimi klublarda da çıxış edib. O, 2013-cü ilin avqust ayında debüt etdiyi Bosniya və Herseqovina yığmasında 6 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


