Dünya futbolunun braziliyalı əfsanəsi, “Barselona”nın keçmiş yarımmüdafiəçisi Rivaldo Kataloniya təmsilçisinin çıxışına qiymət verib.
Arena.az xəbər verir ki, Rivaldo alman mütəxəssis Hans-Diter Flikin çalışdırdığı “Barselona” ilə bir vaxtlar ispan mütəxəssis Xosep Qvardiolanın çalışdırdığı “Barselona” arasında oxşarlıqlar görür:
“Əgər Flikin “Barselona”sı həmin səviyyədə (Xosep Qvardiolanın çalışdırdığı “Barselona” səviyyəsində – redaktorun qeydi) deyilsə də, bu səviyyəyə çox yaxındır. Aydındır ki, həmin səviyyəyə çatmağa və mövsümü son dərəcədə uğurla başa vurmağa lap azacıq qalıb”, deyə Rivaldo vurğulayıb.
“Barselona”nın keçmiş baş məşqçisi Ronald Kuman da “blauqrana”nın oyunlarına baxmağı xoşladığını etiraf edib. Niderlandlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edirik:
“Mənə “Barselona”nın oyunlarına baxmaq əvvəlki tək xoşdur, belə ki, bu, mənim evimdir. Komandadaxili yaxşı ab-havadan xeyir götürmək və vacib qənimətləri qazanmaq vaxtı gəlib çatıb”, deyə Kuman vurğulayıb.
Bu arada “Barselona”nın 26 yaşlı fransalı sağ cinah müdafiəçisi Jül Kunde cari mövsümdəki sıx oyun təqvimindən narazılığını bildirib:
“Biz yaxşı oyunlar nümayiş etdirmək üçün maşınlar deyilik. Bizə istirahət gərəkdir”, deyə Kunde vurğulayıb.
Yeri gəlmişkən, “Barselona”nın 34 yaşlı polyak qapıçısı Voyçex Şesnının agenti müştəsinin Kataloniya klubu ilə müqaviləsini yeniləyəcəyini bildirib:
“Biz müqavilə müddətinin uzadılması ilə bağlı klubla razılaşmanı asanlıqla əldə edəcəyik”, deyə Şesnının agenti vurğulayıb.


