“Liverpul”un kapitanı, 33 yaşlı niderlandlı mərkəz müdafiəçisi Vircil van Deyk “qırmızılar”ın gələcək uğurlarına inandığını açıqlayıb.
Arena.az niderlandlı futbolçunun müvafiq qənaətini təqdim edir:
“Fikrimcə, “Liverpul” yaxın illərdə qənimətlər uğrunda mübarizə apara bilər. Oyunçuların gedişi baxımından nə baş verəcəyindən asılı olmayaraq, mən düşünürəm ki, bu, böyük yay fəsli olmalıdır”.
Van Deyk “qırmızılar”ın cari mövsümdə İngiltərə Premyer Liqasında mümkün çempionluğu haqda da danışıb:
“Biz müvafiq uğurdan iki qələbə və altı xal məsafəsindəyik. Mən, bunun klub üçün nə demək olduğunu və bu baş verərsə, bizə nə gətirəcəyini bilirəm”, deyə Van Deyk vurğulayıb.
Xatırladaq ki, 32 oyundan 76 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinə başçılıq edir. Komandaya çempionluğu təmin etmək üçün cəmi 6 xal lazımdır.
Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki o vaxt 84,65 milyon avro məbləğ müqabilində “Sauthempton”dan transfer ediblər. Van Deykin “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
Niderlandlı müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 314 oyun, 27 qol, 13 məhsuldar ötürmə.
Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019-cu illər mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.
Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 80 oyuna çıxıb, 9 qol vurub.
“Transfermarkt” internet-portalı 33 yaşlı niderlandlı mərkəz müdafiəçisinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.


