Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün ölkə çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 11-ci turu çərçivəsində “Anyanq”la qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. Anton bu dəfə də 90 dəqiqə meydanda olub.
“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 12 oyuna topladığı 26 xalla 12 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Krivotsyukun komandası 12 oyuna 8 qələbə qazanıb, 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 11-də iştirak edib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 72 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.


