Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” bu gün ölkə çempionatının 29-cu turu çərçivəsində doğma meydanda “Petrokub”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Qurbanlı 61-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, Orxan Qurbanlı müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi bu ilin fevralında azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə imzalamış və onu “Dinamo-Avto”ya icarəyə vermişdi. 25 yaşlı futbolçu 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək.
“Neftçi”nin yetirməsi olan Orxan Azərbaycanda “ağ-qaralar”dan başqa “Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.
“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 29 oyunda 40 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.


