“Neftçi” rəhbərliyindən Samir Abasova tam dəstək

“Neftçi” PFK-nın Müşahidə Şurası paytaxt təmsilçisinin 2024/2025-ci illər mövsümündəki nəticələrinə qiymətləndirib.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, klubun Müşahidə Şurasının nümayəndələri ilə baş məşqçi Samir Abasov, Baş İcraçı Direktor Cenk Sümer, idman və maliyyə departamentlərinin iştirakı ilə bu həftə keçirilən iclaslarda mövsümün nəticələri müzakirə edilib.

Baş İcraçı Direktor klubun illik fəaliyyəti haqqında Müşahidə Şurasına məlumat verib, baş məşqçi, maliyyə direktoru və idman departamentinin hesabatları dinlənilib.

Müşahidə Şurası komandanın nəticələrindən ciddi narazılığını dilə gətirib. MŞ nümayəndələri mövsümün yekunlarını qəbuledilməz kimi qiymətləndiriblər. Eyni zamanda seleksiya işlərindəki mövcud nöqsanlar da müzakirə edilib.

Bununla belə, Müşahidə Şurası Samir Abasova tam dəstək nümayiş etdirib və klubun digər şöbələrinə baş məşqçinin komanda quruculuğu ilə bağlı istəklərinə uyğun transfer strategiyasının həyata keçirilməsi üçün hər cür dəstəyin verilməsini tapşırıb. Samir Abasovun qarşısında ölkənin ən köklü klubu olan “Neftçi”nin adına layiq güclü, ən yüksək hədəflər uğrunda mübarizə aparacaq komandanın qurulması və qısa müddətdə bu istiqamətdə ilk addımların atılması tələb kimi qoyulub. Müşahidə Şurası bu yolda Samir Abasova hər cür dəstək göstərəcəyini bildirib.

Eyni zamanda baş məşqçi, Baş İcraçı Direktor və idman departamentinə komanda quruculuğu prosesinin hazırda davam edən və klubun büdcəsinin müəyyən hissəsini əhatə edən genişmiqyaslı infrastruktur layihələrinin icrasına mənfi təsir göstərməməsi tapşırığı verilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: