“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov komandasının praqmatik futbol oynadığına dair fikirlərə münasibət bildirib.
Arena.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Zirə”nin praqmatik futbol sərgilədiyi barədə fikirlərlə razı deyiləm. Bir komandanın fəlsəfəsi praqmatik oyun üzərində qurulubsa, “Keşlə” ilə kubok matçında elə hücum futbolu oynaya bilməz. Ümumiyyətlə, mənim fəlsəfəmdə praqmatik futbol yoxdur.
Ümumi götürsək, komanda birinci etibarlı müdafiədən qurulmalıdır. İlk növbədə öz qapında rəqibə qol imkanı verməməlisən. Rəqib 4-5 qol imkanı yaxalasın, amma sonda biz qalib gələk – mənə belə qələbə lazım deyil. Bu, müvəqqəti uğurdur. Müdafiən etibarlı deyilsə, sabit nəticə qazanan komanda qura bilməzsən. Bir çox oyunlarda topa nəzarətimiz rəqibdən daha çoxdur. Praqmatik oyun sərgiləyən komandanın göstəricisi belə olmur. Praqmatik futbolda oyunu əks-hücumlardan qurursan. Bizdə isə belə deyil”.
Rəşad Sadıqov komandasının oyunu müdafiədən qurmasının praqmatik futbolla əlaqəli olmadığını iddia edib:
“Adam hər şeyi deyə də bilmir. Razıyam, bəzi matçlarda oyunu müdafiədən qururuq. Bu da taktiki gedişdir və hər rəqibə şamil olunmur. Hər komandaya qarşı fərqli oyun qurmağı bacarmaq istəyirəm. Bəzən böyük klublar da nəticə qazanmaq üçün belə dəyişikliklərə gedirlər. Biz də bəzən belə şeylərə əl atmağa çalışırıq. “Neftçi” və “Qarabağ”ı kənara qoysaq, digər 6 komandanın hansı sabit hücum futbolu oynayır? Bunu heç kim mənə deyə bilməz. Qapımda 5-6 dənə qol epizodu olacaqsa, mən elə hücum futbolu istəmirəm. Çünki bu yolun gələcəyi yoxdur”.


