Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunmuş minifutbol üzrə dünya çempionatında ikinci finalçının adına aydınlıq gəlib.
Arena.az xəbər verir ki, mundialın sonuncu yarımfinal qarşılaşmasında Macarıstan və Serbiya yığmaları üz-üzə gəliblər.
Matçın əsas vaxtında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) Macarıstan kollektivi həlledici mərhələdə Azərbaycan millisi ilə qarşılaşmaq hüququ qazanıb.
Yarımfinalda yığmamıza məğlub olan (1:2) Monteneqro isə üçüncü yer uğrunda görüşdə Serbiya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Minifutbol üzrə dünya çempionatında mükafatlar uğrunda oyunlar iyunun 1-də baş tutacaq. Həlledici oyunlar da Milli Gimnastika Arenasında baş tutacaq.


