Edin Dzeko və Duşan Tadiç “Fənərbağça”nı tərk etdilər

Türkiyənin “Fənərbağça” klubu aparıcı legioneri futbolçularından Edin Dzeko və Duşan Tadiçlə yollarını ayırmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Hər iki təcrübəli futbolçunun klubla müqaviləsinin müddəti başa çatıb. İstanbul təmsilçisinin məşqçilər heyəti və rəhbərliyi onları komandada saxlamağa ehtiyac duymayıblar. Bu üzdən də həm Dzekoya, həm də Tadiçə xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb. “Fənər”in bu gün keçirdiyi mövsümün son oyununda da iştirak etməyən futbolçular azad agent kimi Türkiyə nəhəngini tərk ediblər.

Qeyd edək ki, İstanbul klubu bu gün Super Liqanın 2024/2025-ci illər mövsümünün sonuncu turu çərçivəsində doğma meydanda “Konyaspor”la qarşılaşıb. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Edin Dzeko 2023-cü ilin yayından formasını geyindiyi “Fənərbağça”da 99 oyun keçirib, 46 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub. Bosniya və Herseqovinadan olan 39 yaşlı forvard daha öncə “Roma”, “Mançester Siti”, “Volfsburq”, “İnter”, “Teplitse” və “Jelezniçar” kimi klublarda da çıxış edib. Edin Dzeko ölkəsinin milli komandasında 140 oyuna 67 qol vurub.

Duşan Tadiç də 2023-cü ilin yayından “Fənər”in sıralarında idi. Serbiyalı 36 yaşlı sağ vinger İstanbul klubunun heyətində 109 oyun keçirib, 29 qol və 35 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Ayaks”, “Sauthempton”, “Voyvodina”, “Tvente” və “Qroningen” kimi klublarda da forma geyinib. Tadiç Serbiya yığmasında keçirdiyi 111 oyunda 23 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: