İngiltərənin “Arsenal” klubundan azad agent kimi ayrılmış braziliyaəsilli italiyalı dayaq yarımmüdafiəçisi Jorjinyo özünə yeni klub tapıb.
Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını Braziliyada davam etdirməyə qərar verib.
O, “Flamenqo”dan aldığı təklifi müsbət dəyərləndirib. Təcrübəli futbolçu azad agent kimi qoşulduğu Braziliya klubu ilə müddəti 2028-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalayıb.
Jorjinyo İtaliyanın “Verona” klubunun yetirməsidir. “Dayaqçı” karyerası ərzində “Sambonifatseze”, “Napoli” və “Çelsi”də oynayıb. “Arsenal” onu 2023-cü ilin yanvarında 11,3 milyon avro müqabilində “Çelsi”dən heyətinə qatıb.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə Jorjinyo “topçular”ın heyətində bütün yarışlarda 27 oyuna 1 qolla fərqlənib. İtaliyalı futbolçunun London klubunun heəytində çıxışının ümumi mənzərəsi isə belədir: 79 oyun, 2 qol, 3 məhsuldar ötürmə.
Jorjinyo 2016-cı ilin martında debüt etdiyi İtaliya yığmasının heyətində 52 oyuna 5 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
Təcrübəli oyunçunun qənimətlər muzeyində “Napoli” ilə qazandığı İtaliya Kuboku və İtaliya Super Kuboku, həmçinin “Çelsi” ilə qazandığı Avropa Liqası, UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klub Dünya Kuboku var. Klub qənimətləri ilə yanaşı, yarımmüdafiəçi “skuadra adzurra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının qalibi olub. Elə həmin il o, UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı 33 yaşlı futbolçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.



