Pşemıslav Frankovski “Qalatasaray”ı Fransa klubuna dəyişdi

Türkiyənin “Qalatasaray” klubunun polşalı yarımmüdafiəçisi Pşemıslav Frankovski bundan sonra “Renn”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

“Renn” 30 yaşlı oyunçunu 2025/2026-cı illər mövsümünün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Xatırladaq ki, Pşemıslav Frankovski bu ilin fevral ayında Fransanın “Lans” klubundan “Qalatasaray”a keçmişdi. Türkiyə klubu bir mövsümlük icarəyə götürdüyü oyunçu üçün bu yay 7 milyon avro ödəyərək transfer hüquqlarını da almışdı. Frankovskinin “Qalatasaray”la 2028-ci ilin 30 iyununadək müqaviləsi var.

Polşalı futbolçu ötən mövsüm İstanbul klubunun heyətində 15 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Frankovski Polşanın “Lexiya” klubunun yetirməsidir. Ölkəsində “Yagelloniya”nın da şərəfini qorumuş futbolçu 2019-2021-ci illər aralığında Amerika Birləşmiş Ştatlarında (ABŞ) “Çikaqo Fayr”ın formasını geyinib.

Polşanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Pşemıslav Frankovski, 2018-ci ilin martında debüt etdiyi əsas millidə 50 oyuna 3 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: