“Real Sosyedad” 28 yaşlı portuqal sol cinah hücumçusu Qonsalo Qedesi “Vulverhempton”dan tamhüquqlu əsasda satın alıb.
Arena.az bu barədə “Real Sosyedad”ın mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 3 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar. Müqavilə daha bir mövsümə uzadılması şərtini ehtiva edir.
Keçid San-Sebastyan təmsilçisinə 4 milyon avro məbləğ müqabilində başa gəlib.
Qonsalo Qedes “Benfika”nın məzunudur. Futbolçu, karyerası ərzində həmçinin PSJ, “Valensiya”, “Vulverhempton” və “Vilyarreal”da (icarə) çıxış edib.
Geridə qalmış mövsümdə Qedes “Vulverhempton” üçün 33 oyuna 3 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Qonsalo Qedes 2015-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 32 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı portuqal sol cinah hücumçusunun transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.


