Dambrauskas “Levski”yə məğlubiyyətə aydınlıq gətirdi

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının 3-cü raundunda “Levski”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu oyunda 0:2 hesabı ilə məğlub olaraq (ilk oyun 0:1) mübarizəni dayandırıb.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Levski”ni növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Hazırda çox şey deyə bilmirəm. İki oyunda qollar vura bilmirsənsə, rəqib növbəti mərhələyə keçməyə daha layiqdir. Bu gün azarkeşlərimizə böyük təşəkkür edirəm. Çox gözəl atmosfer yaratmışdılar. Taktiki cəhətdən bu oyun barəsində nələrsə demək çox çətindir. Biz çox məyus olmuşuq. Amma bu məyusluğu, pis hissləri unutmalıyıq. Sabahdan etibarən çempionat haqda fikirləşməliyik. Biz çox şeyləri artırmalıyıq. Çalışmalıyıq ki, yenidən öz xəyalımız olan avrokuboklara qatılaq”.

Dambrauskas komandasının ev oyununda qorxaq futbol sərgilədiyi barədə fikirlərlə razılaşmadığını söyləyib:

“Bunu oyunçularımıza hörmətsizlik kimi qəbul edirəm. Sofiyada intizamlı oynadıq. Heç-heçəyə yaxşı nəticə deyə bilməzdim. Son saniyə buraxılmış qol bizi heç-heçədən ayırdı. İnkişaf etməyimiz üçün çox məqam var. Bu gün fərq var idi. Rəqib risk etmirdi, biz daha çox risk etməliydik. Birinci hissədə bir səhvimiz oldu, o da qolla nəticələndi. Bundan sonra risklər aldıq. Üçüncü zonaya gələrkən, daha dəqiq ötürmələr çatışmırdı. Boşluqlar tapmağa çətinlik çəkirdik.

Futbolda hər şey nəticədən asılıdır. Yaxşı nəticə olsaydı, bizə təşəkkür edəcəkdilər, stadionu tərk etməyəcəkdilər. Üzgünük ki, onları üzdük. Ən azından hesabı bərabərləşdirib, intriqanı artıra bilərdik. Azarkeş mədəniyyətini bir gündə yaratmaq mümkün deyil”.

Dambrauskas əvəzetmələrinin uğursuz alındığını etiraf etdi

Dambrauskas bu oyundakı əvəzetmələrin və bu yay edilmiş transferlərin uğursuz olması ilə bağlı iradları da cavablandırıb:

“Hər dəyişikliyin arxasında xoş niyyət var. Bilirik ki, daxil olan oyunçu daha fərahdır, daha güclü olur. İstəyirik ki, oyuna qatqı versin. Təəssüf ki, bu gün əvəzetmələrimiz işləmədi. Daha çox kreativlik istəyirdik. Mərkəz müdafiəçisi də meydana daxil oldu ki, standart vəziyyətlərdən nəsə edək. Əfsuslar olsun ki, bu gün heç biri işləmədi.

Birinci hissədə rəqibin cəmi bir zərbəsi oldu. İkinci hissədə bizə qol lazım idi. Rəqib çox arxaya çəkildi, bağlandılar və bizə boşluqlar vermədilər. Oyuna nəzarət edən tərəf biz idik. “Levski” əks-hücumlarda heç nə edə bilmirdi. Sadəcə bir fürsətləri oldu, ondan da yararlandılar. Bizim də onlara oxşar şanslarımız var idi. Biz yararlana bilmirdik. “Levski”yə qarşı oynayıdıq, Bolqarıstanda 2-ci idilər. Transfer dəyərləri bizdən artıqdır. Sofiyada da ən yaxşısını etməyə çalışdıq. Bizim oyunçularımız hər şeyi etdilər. Biz daha çox işləyib, daha ağıllı həll yolu tapmalıyıq ki, növbəti mövsümdə avrokuboklarda daha uğurlu çıxış edək”, deyə Dambrauskas bildirib.

“Komandamla fəxr edirəm” – Xulio Velaskes

“Levski”nin baş məşqçisi Xulio Velaskes isə Bakıdakı qələbəyə belə şərh verib:

“Nəticəyə görə özümü xoşbəxt hiss edirəm. Komandam ilk dəqiqələrdən tapşırığı yerinə yetrdi. Evdə qazandığımız üstünlüyü qorumaq haqda fikirləşmirdik. Burada da qələbə qazanmaq istəyirdik. Komandamla fəxr edirəm. Çətin oyun oldu. Rəqib keyfiyyətli oyunçulardan təşkil edilib. Amma biz pleyf-offdayıq. Heyətə baxsaq, yalnız bir oyunçu dəyişikliyi olmuşdu. Sanqare yox idi. Amma ümumilikdə niyə rahat görünürdük? Futbolçular bilirdilər ki, meydanda nəyi etməlidirlər. Mənim qoyduğum tapşırıqları fədakarcasına və yüksək keyfiyyətlə yerinə yetirdiyi üçün komandam daha rahat görünürdü.

“Sabah”ın yaxşı baş məşqçisi var. Fərdi olaraq hansısa oyunçuları fərqləndirməyi xoşlamıram. Zedadka İspaniyada mənim oyunçum olub. Digər fərdi ustalığı olan oyunçular da var. “Sabah”ın baş məşqçisinə bu cür komanda yaratdığı üçün təşəkkür düşür”.

Xəbəri sosial şəbəkələrdə paylaş: