“Şəki Siti” həm adını, həm də loqosunu dəyişdi

Futbol üzrə Azərbaycan İkinci Liqasında mübarizə aparan “Şəki Siti” klubunun həm adı, həm də loqosu dəyişdirilib.

Arena.az xəbər verir ki, klub bundan sonra “Şəki” adı altında çıxış edəcək.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Şəki” həm də yeni mövsümə yeni loqo ilə başlayacaq.

Klubun yaydığı rəsmi açıqlamada bunlar qeyd edilib:

“Şəki Siti” Futbol Klubunun İdarə Heyətinin qərarına əsasən, klubumuzun loqosu yenilənib. Bu addım, klubumuzun inkişaf strategiyasının və peşəkarlıq yolunda atdığı mühüm addımların bir hissəsi olaraq həyata keçirilib.

Eyni zamanda qeyd edirik ki, klubumuzun adının dəyişdirilməsi nəzərdə tutulub. Yeni ad artıq müəyyənləşdirilib – “Şəki PFK” (Şəki Peşəkar Futbol Klubu). Dəyişiklik, yaxın vaxtlarda rəsmi təsdiqlənərək ictimaiyyətə təqdim ediləcək. Bu dəyişikliklər klubumuzun həm tariximizə, həm də gələcək hədəflərimizə daha uyğun bir kimlik formalaşdırmasına xidmət edir.

Biz inanırıq ki, bu addım klubumuzun daha geniş arenada tanınmasına, azarkeşlərimizlə bağımızın güclənməsinə və yeni uğurların əldə edilməsinə zəmin yaradacaq”.

Xatırladaq ki, Şəki təmsilçisi ötən mövsümü 21 xalla 10-cu pillədə başa vurub.

Daha öncə İkinci Liqanın digər təmsilçisi “Hypers Quba” da adını dəyişərək bundan sonra “Quba” adı altında çıxış edəcəyini açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: