Sesar Aspilikueta “Sevilya” ilə müqavilə bağladı

Bu yay Madrid “Atletiko”sundan azad agent kimi ayrılmış İspaniya millisinin sağ cinah müdafiəçisi Sesar Aspilikueta “Sevilya” ilə anlaşıb.

Arena.az xəbər verir ki, bu barədə “Sevilya” rəsmi saytı vasitəsilə məlumat yayıb.

35 yaşlı futbolçu yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Sesar Aspilikueta 2023-cü ilin yayında İngiltərənin “Çelsi” klubundan azad agent kimi ayrılmış və “Atletiko” ilə müqavilə bağlamışdı. O, bu komandanın heyətində bütün yarışlarda 54 matçda iştirak edib və 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Aspilikueta karyerası ərzində “Çelsi”, “Osasuna” və “Olimpik” (Marsel) klublarının da formasını geyinib. O, İspaniya milli komandasında da 44 matça çıxıb, 1 qola imza atıb.

“Transfermarkt” internet-portalı Aspilikuetanın transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

“Sevilya”da ayrılıq da reallaşıb. Belə ki, İspaniya klubunun hücumçusu Dodi Lukebakio Portuqaliya təmsilçisi “Benfika”ya keçib. Lissabon təmsilçisi 27 yaşlı belçikalı futbolçunun transferinə görə La Liqa klubuna 20 milyon avro ödəyib. UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Benfika” yeni hüucmçusu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.

“Sevilya” Lukebakionu 2023-cü ilin avqustunda 10 milyon avroya Almaniyanın “Herta” klubundan transfer etmişdi. O, İspaniya klubunun heyətində 68 oyuna çıxıb, 17 qol və 3 assistlə yadda qalıb.

“Anderlext”in yetirməsi olan Lukebakio “Tuluza”, “Şarlerua”, “Uotford”, “Fortuna” (Düsseldorf), “Herta” kimi klublarda da çıxış edib. O, 2020-ci ildə debüt etdiyi Belçika yığmasında 26 oyuna 2 qol vurub.

“Sevilya”nın nigeriyalı hücumçusu Keleçi İheanaço da La Liqa təmsilçisindən ayrılıb. 28 yaşlı forvard klubla müqaviləsini ləğv etdikdən sonra Şotlandiya nəhəngi “Seltik”lə anlaşıb. O, yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

İheanaço “Sevilya”ya 2024-cü ilin yayında qoşulmuş, qışda isə İngiltərənin “Midlsbro” klubuna icarəyə verilmişdi. Nigeriyalı forvard La Liqa klubunun heyətində cəmi 11 oyuna çıxıb, 3 qolla yadda qalıb.

Peşəkar karyerasına “Mançester Siti”də başlamış İheanaço uzun illər “Lester Siti”də çıxış edib. O, Nigeriya yığmasında 58 oyuna 15 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: