Azərbaycan millisi DÇ-2026 yolunda mübarizəyə başlayır

Bu gün futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının (DÇ-2026) seçmə mərhələsinə start verəcək.

Arena.az xəbər verir ki, seçmə mərhələnin D qrupunda qərarlaşmış millimizi ilk turda İslandiya ilə səfər görüşü gözləyir.

Reykyavik şəhərində təşkil edilmiş oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

İslandiya yığması Azərbaycan millisi üçün tanış rəqibdir. Amma bu komandaların indiyəqədərki yeganə görüşü 2008-ci ildə yoxlama görüşü çərçivəsində olub. Reykyavikdə baş tutmuş həmin matçda qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan və İslandiya klub futbolu səviyyəsində də qarşılaşıblar və yığmamızdan fərqli olaraq, klublarımızın nəticələri daha uğurlu alınıb. Belə ki, 2005-ci ilin yayında “Neftçi” UEFA Çempionlar Liqasının təsnifat mərhələsində İslandiya təmsilçisi “Hafnarfyordur”u Bakıda 2:0, səfərdə isə 2:1 hesabıyla yenərək mərhələ adlamışdı. İndiki “Şamaxı”, ovaxtkı “İnter” də bu rəqibi məyus edə bilmiş (səfərdə 2:1, evdə 2:2), Avropa Liqasında tur keçə bilmişdi.

Bir sözlə, Azərbaycan millisi İslandiya yığması ilə ilk dəfə rəsmi qarşılaşmada üz-üzə gələcək. Hər iki komanda seçmə mərhələyə uğurlu nəticə ilə başlamağa çalışacaq. Bu, Fernando Santosun gəlişindən bəri qələbəyə həsrət olan millimiz üçün daha çox önəm kəsb edir. Əks halda bu seçmə mərhələ ilə bağlı ümidlərimizi də erkən basdırmış olacağıq.

Qeyd edək ki, bu gün keçiriləcək D qrupunun digər oyununda Fransa yığması Ukrayna millisinin qonağı olacaq.

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
5 sentyabr

22:45. İslandiya – Azərbaycan
Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qrot, Mark Naqteqal (Hamısı Niderland)
VAR: Jerön Mansxot (Niderland).
AVAR: Klay Ruperti (Niderland).
Reykyavik, “Lauqardalsvöllur” stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: