Ayxan Abbasov: “Yaxşı nəticələr qazanmaq istəyirik”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin edilmiş Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, 44 yaşlı mütəxəssis yeni təyinatı barədə bunları söyləyib:

“Azərbaycan milli komandasında işləmək hər bir məşqçi üçün böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən etimada görə AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

Milli komanda hər birimizin qürurudur. İstər bizim, istərsə də futbolçularımızın üzərində böyük məsuliyyət var. Bir komanda kimi həm meydanda, həm də ondan kənarda ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Bir yumruq kimi birləşərək, düzgün yanaşma və komanda ruhu ilə yaxşı nəticələr qazanmaq istəyirik. Azərbaycan azarkeşləri daim millinin yanında olublar. Onların dəstəyi bizim üçün böyük motivasiya mənbəyidir. Qarşıdakı matçlarda layiqli oyun göstərərək, gələcək üçün ümid verməyə çalışacağıq”, deyə Ayxan Abbasov bildirib.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Fransa, 13-də isə Ukrayna yığması ilə səfərdə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: