Kişi voleybolçulardan ibarət Azərbaycan millisi AÇ-2021-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, F qrupunda mübarizə aparan yığmamız Gürcüstanda təşkil olunan 1-ci dövrənin son matçında lider Yunanıstanla qarşılaşıb.
Tiflisdəki Voleybol Arenasında baş tutan görüş Fərid Cəlalovun baş məşqçi olduğu kollektivin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Bu qələbədən sonra maksimum nəticə göstərən Yunanıstan F qrupuna başçılıq edir. 3 xalı olan Azərbaycan millisi isə üçüncüdür. Komandamız ilk turda Monteneqroya 1:3 uduzub, ardından meydan sahibi Gürcüstana qalib gəlib – 3:0.
Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AÇ-2021-ə vəsiqə qazanacaq. Azərbaycan millisinin yer aldığı qrupda ikinci dövrənin oyunları Monteneqroda təşkil olunacaq. Həmin oyunlar 14-16 may aralığında keçiriləcək.
AÇ-2021-in seçmə mərhələsi
F qrupu
9 may
Yunanıstan – Azərbaycan 3:0 (25:21; 25:19; 25:18)


