Anton Krivotsyuk üçün 90 dəqiqə, sarı vərəqə və 3 xal

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 32-ci turu çərçivəsində “Pohanq”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib və 3:1 hesablı qələbəyə sevinib.

Anton bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 45+4-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 32 oyuna topladığı 52 xalla 12 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Krivotsyukun komandası 32 oyuna 14 qələbə qazanıb, 10 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 24-də iştirak edib.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 87 oyuna çıxıb, 4 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 41 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: