Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk “Daejeon Hana Sitizen”in cari mövsümdəki daha bir oyununda iştirak etməyib.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Cənubi Koreya çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün əsas mərhələsinin sonuncu – 33-cü turu çərçivəsində “Jeju” ilə qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası yekunda inamlı qələbəyə sevinib – 3:1.
Antonun adı bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 33 oyuna topladığı 55 xalla 12 iştirakçı arasında üçüncü yeri tutub. Krivotsyukun komandası 33 oyuna 15 qələbə qazanıb, 10 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 25-də iştirak edib, 1 qola imza atıb.
Qeyd edək ki, Krivotsyuk və komandası mövsümün qalan hissəsində çempionluq qrupunda mübarizə aparacaq.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 87 oyuna çıxıb, 4 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 43 matça çıxıb, 1 qola imza atıb.


