Anton Krivotsyuk son anda yada düşdü, komandası xal itirdi

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk “Daejeon Hana Sitizen”in komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Cənubi Koreya çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün final mərhələsindəki dördüncü oyununda “Qanqvon”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası yekunda heç-heçə ilə kifayətlənib – 1:1.

Anton bu görüşün 89-cu dəqiqəsində meydana buraxılıb.

“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 37 oyuna topladığı 62 xalla 12 iştirakçı arasında ikinci yerdə qərarlaşıb. Krivotsyukun komandası 35 oyuna 17 qələbə qazanıb, 11 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 29-da iştirak edib, 2 qola imza atıb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 91 oyuna çıxıb, 5 qol, 3 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 45 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: