Orxan Qurbanlı oynadı, “Dinamo-Avto” 7 qola üzüldü

Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” bu gün ölkə çempionatının 33-cü turu çərçivəsində doğma meydanda Tiraspol “Şerif”i ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:7. Orxan da bu görüşün iştirakçısı olub. O, 56-cı dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, Orxan Qurbanlı müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi bu ilin fevralında azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə imzalamış və onu “Dinamo-Avto”ya icarəyə vermişdi. 25 yaşlı futbolçu 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək.

“Neftçi”nin yetirməsi olan Orxan Azərbaycanda “ağ-qaralar”dan başqa “Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.

“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 33 oyunda 41 xal toplayıb və 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: