Bu gün futbol üzrə Türkiyə Super Liqasında sonuncu – 42-ci turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, lider “Beşiktaş” İzmir səfərində “Göztəpə”nin qonağı olub.
“Qara qartallar” bu oyunda qələbə qazanacaqları halda, Super Liqada mövsümün çempionu olacaqdılar. İstanbul təmsilçisi çətinliklə də olsa, bu vəzifənin öhdəsindən gəlib və mövsümü çempion kimi başa vurub. Bu, sözügedən klubun tarixində 16-cı çempionluqdur. “Fənərbaxça” 19, “Qalatasaray” isə 22 dəfə Türkiyə çempionu olub.
Turnir cədvəlinin ikinci sırasında yer alan “Qalatasaray”ın rəqibi “Yeni Malatyaspor” olub. Fatih Terimin rəhbərlik etdiyi kollektiv bu matçda 3 xal qazansa belə, çempionluq üçün “Beşiktaş” xal itirməliydi. “Qalatasaray” inamlı qələbə qazansa da, gümüş medallarla kifayətlənməli olub.
Ötən tur doğma meydanda “Sivasspor”a uduzaraq, çempionluq şansını çətinə salan “Fənərbaxça” isə səfərdə liqada qalmaq uğrunda mübarizə aparan “Kayserispor”la qarşılaşıb. “Beşiktaş” və “Qalatasaray” uduzsa və “Fənərbaxça” qələbə qazansa, çempion “sarı bülbüllər” olacaqdı. Amma digər rəqibləri də turu qələbə ilə başa vurduğundan, sözügedən komanda üçüncü yeri tutub.
Son turda həm də elitanı tərk edəcək sonuncu klubun adına aydınlıq gəlib. Səfərdə “Trabzonspor”a uduzan “Gənclərbirliyi” də 38 xalda qalıb və Super Liqa ilə vidalaşıb. Bu komanda ilə yanaşı, 28 xalla sonuncu olan “Dənizlispor”, 38 xala malik “Ankaragücü”, eləcə də 40 xalla 18-ci yeri tutan “Ərzurumspor” növbəti mövsümdən TFF 1-ci liqada mübarizə aparmalı olacaq.

Türkiyə Super Liqası
42-ci tur
15 may
Ankaragücü – Alanyaspor 0:1
Qol: Davidson, 24.
Antalyaspor – Konyaspor 0:0
Hatayspor – Qaziantep 0:1
Qol: Cefferson, 73.
Fatih Karagümrük – Dənizlispor 5:1
Qol: Borini, 42-pen. Sobiex, 45+1; 83. Lens, 52. Hedenstad, 90+1 – Mesanoviç, 26.
Rizəspor – Başakşəhər 0:2
Qol: Aleksiç, 6-pen; 45+1.
Sivasspor – Kasımpaşa 2:1
Qol: Kayode, 42. Qradel, 69 – Y.Erdoğan, 73-pen.
Qalatasaray – Yeni Malatyaspor 3:1
Qol: İ.Dervişoğlu, 53. Babel, 60. O.Çağlayan, 90+3 – A.Büyük, 39.
Göztəpə – Beşiktaş 1:2
Qol: A.Öztürk, 24 – Vida, 10. Gezzal, 69-pen.
Kayserispor – Fənərbaxça 1:2
Qol: P.Enrike, 18 – Valensiya, 90+1-pen. S.Aziz, 90+9.
Trabzonspor – Gənclərbirliyi 2:1
Qol: Ekuban, 45. Afobe, 87 – Ayite, 52.



