Orxan Qurbanlı oynadı, komandası “Zimbru” ilə “sülh” bağladı

Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” bu gün ölkə çempionatının 34-cü turu çərçivəsində səfərdə “Zimbru” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Orxan da bu görüşün iştirakçısı olub. O, 85-cı dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, Orxan Qurbanlı müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi bu ilin fevralında azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə imzalamış və onu “Dinamo-Avto”ya icarəyə vermişdi. 25 yaşlı futbolçu 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək.

“Neftçi”nin yetirməsi olan Orxan Azərbaycanda “ağ-qaralar”dan başqa “Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.

“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 34 oyunda 42 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: