Xanlar Əliyev: “Turnirin Bakıda keçirilməsi bizim üçün üstünlükdür”

16 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçi əvəzi Xanlar Əliyev Bakıda keçiriləcək UEFA İnkişaf Turnirindən danışıb.

Arena.az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında komandanın oyunlara hazır olduğunu deyib:

“Aprelin 30-dan təlim-məşq toplanışındayıq. Komandanın hazırlıq durumu və məşqlərdəki reaksiyaları bizi qane edir. Bunun bəhrəsini sabahkı oyunda müsbət nəticə ilə görəcəyimizə inanıram. Bildiyiniz kimi, son Avropa çempionatının seçmə mərhələsinin ardından 2009-cu il təvəllüdlülər yuxarı yaş qrupuna keçiblər. Turnir üçün əsasən 2010-2011-ci il təvəllüdlü oyunçuları dəvət etmişik. İlk dəfə millinin heyətində olanlar var. Onlar üçün yeni təcrübədir. Komandanın psixoloji durumu və məşqlərə yanaşması yaxşıdır”.

Xanlar Əliyev rəqiblər barədə də fikirlərini bildirib:

“Bu turnirdə yeni oyunçuların son durumlarını görmək imkanımız olacaq. Onların özlərini göstərmələri baxımından yaxşı şansdır. Rəqibləri təhlil etmişik. Rumıniya son Avropa çempionatının seçmə mərhələsində A Liqasında mübarizə aparıb. Gürcüstan yığması bizə tanış rəqibdir. İlk rəqibimiz olan Litva ilə görüşə yaxşı hazırlaşmışıq. Futbolçuların inkişafı baxımından turnir bizim üçün çox önəmlidir. Hər kəsə şans verəcəyik”.

O, komandanın azarkeş dəstəyinə ehtiyac duyduğunu da sözlərinə əlavə edib:

“Turnirin Bakıda keçirilməsi bizim üçün əlavə üstünlükdür. Azarkeşlərdən xahişim budur ki, oyunlarımıza gəlsinlər, qızları dəstəkləsinlər. Qarşıda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. UEFA İnkişaf Turniri də həmin yarışa hazırlıq məqsədi daşıyır”.

Xatırladaq ki, U-16 millimiz UEFA İnkişaf Turniri çərçivəsində mayın 6-da Litva, 8-də Rumıniya, 11-də isə Gürcüstan yığması ilə qarşılaşacaq. Oyunlar Binə stadionunda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: