Türkiyənin “Fənərbaxça” klubunun sabiq prezidenti Aziz Yıldırım yenidən İstanbul təmsilçisinin prezidenti postuna namizədliyini irəli sürüb.
Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
74 yaşlı iş adamı iyunun əvvəlində keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib. O, prezident seçkilərində namizəd olan Barış Göktürk və Hakan Safi kimi şəxslərə onunla birləşməyi təklif edib. B.Göktürk açıqlamasında sadəcə Aziz Yıldırıma görə namizədlikdən çəkilə biləcəyini deyib.
Xatırladaq ki, “Fənərbaxça”da prezident seçkiləri 6-7 iyun tarixlərində keçiriləcək.
Aziz Yıldırım 1998-ci ildən 2018-ci ilə qədər “Fənərbaxça” klubunun prezidenti postunda çalışıb. Onun dövründə bu klubun həm futbol, həm də digər komandaları çoxsaylı titullar qazanıblar. Amma Aziz Yıldırımın klubdan ayrılmasından etibarən komanda heç bir uğur qazana bilmir. Xüsusilə də illərdir çempionluğa həsrət olan “Fənərbağça”nın əsas komandası onun rəhbərliyi dövründə 6 dəfə Türkiyə çempionu olub, 2 dəfə Türkiyə Kubokunu qazanıb.


