Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 2026-cı il mövsümünün 13-cü turu çərçivəsində “Pohanq”la qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası qarşılaşmadan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
Anton bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 81-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 13 oyuna topladığı 16 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Krivotsyukun komandası 13 oyuna 4 qələbə qazanıb, 4 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 7-də iştirak edib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 100 oyuna çıxıb, 5 qol, 3 məhsuldar ötürmə müəllifi olub. 27 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 46 matça çıxıb, 1 qola imza atıb.


