Premyer Liqada 2025/26 mövsümünün gümüş mükafatçısı “Qarabağ” Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollarını ayırıb.
Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, müqavilə müddəti başa çatmış Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığın davam etdirilməsinə ehtiyac duyulmayıb. İcarə əsasında bu komandada çıxış edən Sami Mmae isə məxsus olduğu kluba (“Dinamo”, Zaqreb, Xorvatiya) geri qayıdıb.
Ağdam klubu futbolçulara bu komandada çıxış etdikləri müddətdə nümayiş etdirdikləri peşəkarlığa, komandanın uğurlarına verdikləri töhfəyə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, “Qarabağ” Mmaeni cari mövsümün sonunadək icarəyə götürmüşdü. Mərakeş millisinin də üzvü olan 29 yaşlı mərkəz müdafiəçisi Ağdam klubunun heyətində 15 oyuna çıxıb, 1 qola imza atıb.
“Qarabağ” Emmanuel Addaini 2024-cü ilin avqustunda “Alkorkon”dan 1 milyon avro müqabilində transfer etmişdi. 24 yaşlı qanalı forvard Ağdam klubunun heyətində 88 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.
Ramil Şeydayev isə əvvəllər də formasını geyindiyi “Qarabağ”a 2025-ci ilin sentyabr ayında qayıtmışdı. O, bu müddətdə cəmi 11 oyuna çıxıb və 2 qol vurub. 30 yaşlı hücumçunun Ağdam klubundakı karyerası bütövlükdə 127 oyun, 39 qol və 12 assistdən ibarətdir.


