“Turan Tovuz”un mərkəz müdafiəçisi Roderik Miller dünya çempionatında (DÇ-2026) iştirak edəcək Panama milli komandasına dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Bu gün Panama millisinin DÇ-2026 üçün yekun heyəti açıqlanıb. Baş məşqçi Tomas Kristiansen mundiala yollanacaq heyətə “Turan Tovuz”un müdafiəçisi Roderik Milleri də daxil edib.
Bununla da Miller Azərbaycan Premyer Liqasında çıxış edərək dünya çempionatına dəvət almış ilk futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, Panama millisi dünya çempionatında Xorvatiya, İngiltərə və Qana yığmaları ilə birgə L qrupunda mübarizə aparacaq.
Xatırladaq ki, Roderik Miller “Turan Tovuz”a 2023-cü ilin mart ayında transfer olunub. O, indiyə qədər Tovuz təmsilçisinin heyətində 80 oyuna çıxıb, 10 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.
Miller peşəkar karyerasına Panamanın “San Fransisko” komandasında başlayıb. Müdafiəçi Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn”, İraqın “Əl-Quva” və “Əl-Mina” klublarında legioner həyatı yaşayıb.
Roderik Panama millisində 47 oyun keçirib, 2 qola imza atıb, 1 assist müəllifi olub. O, Panamanın U-20 və U-23 yığmalarında da oynayıb.


