Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu gün San Marino yığma komandası ilə yoxlama oyunu keçirəcək.
Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız bu rəqiblə Macarıstanda qarşılaşacaq.
Sombatxey şəhərindəki “Haladaş” stadionunda təşkil ediləcək oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Marton Ruş olacaq. Ona yan xətt hakimləri Balaş Şert və Balaş Salai kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bençe Çsonka yerinə yetirəcək.
San Marino yığması millimiz üçün tanış rəqibdir. Komandamız indiyə qədər bu rəqiblə 2 oyun keçirib. Bu oyunların hər ikisi DÇ-2018-in seçmə mərhələsinə təsadüf edib. Millimiz 2016-cı ildə səfərdə qarşılaşdığı bu rəqibini 1:0 hesabıyla yenib. Bir il sonra doğma meydanda keçirdiyimiz oyunda isə futbolçularımız 5:1 hesablı qələbəyə seviniblər.
Bir sözlə, Azərbaycan millisi ilk dəfə bu rəqibi ilə yoxlama oyununda üz-üzə gələcək. Ümid edək ki, San Marino ilə üçüncü oyunumuz da qələbə ilə bitəcək. Çünki bu, Ayxan Abbasovun komandasının UEFA Millətlər Liqası öncəsi sonuncu sınağıdır. Rəsmi oyunlardan öncə qələbə qazanmaq isə komandamıza əlavə inam qazandıra bilər. Bu, həm də bir neçə gün öncə Malta yığmasından aldığımız məğlubiyyəti unutdurmaq baxımdan da önəmlidir.
Yoxlama oyunu
9 iyun
22:00. Azərbaycan – San Marino
Hakimlər: Marton Ruş, Balaş Şert, Balaş Salai, Bençe Çsonka (Hamısı Macarıstan).
Sombatxey, “Haladaş” stadionu.


