Futbol üzrə Avstriya milli komandasının baş məşqçisi Ralf Ranqnik dünya çempionatı (DÇ-2026) öncəsi müqaviləsinin müddətini uzadıb.
Arena.az bu barədə Avstriya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, millinin baş məşqçisi Ralf Ranqniklə müqavilənin müddəti 2028-ci ilin yayına qədər uzadılıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti yenicə başlamış DÇ-2026-nın sonunda bitəcəkdi. Bununla federasiya rəhbərliyi Ranqnikə bu mundial öncəsi dəstəyini nümayiş etdirib.
Xatırladaq ki, avstriyalılar ABŞ, Kanada və Meksikada təşkil edilmiş bu mundialın qrup mərhələsində İordaniya, Argentina və Əlcəzair yığmalarına qarşı mübarizə aparacaqlar.
67 yaşlı Ralf Ranqnik 2022-ci ildən bəri Avstriya milli komandasına rəhbərlik edir. O, əvvəllər iki dəfə (2015-2016 və 2018-2019) Almaniyanın “Leypsiq” komandasını çalışdırıb. 2012-ci ilin iyulundan 2019-cu ilin iyununa qədər məşqçilik fasilələri ilə Ranqnik “Red Bull”da idman və klub inkişafı şöbəsinə rəhbərlik edib. Onun rəhbərliyi dövründə “Leypsiq” Almaniya çempionatında bürünc medal qazanıb və Almaniya Kubokunun finalına çıxıb.
Ranqnik “Şalke”, “Hoffenhaym”, “Hannover” və “Ştutqart”da da baş məşqçi olub. O, “Şalke” ilə Almaniya Kubokunu və Almaniya çempionatının gümüş medallarını qazanıb. 2021-ci ilin fevral-noyabr aylarında Ranqnik Moskva “Lokomotiv”ində çalışıb. 2021/2022-ci illər mövsümündə isə o, “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi vəzifəsini icra edib.


