Futbol üzrə Özbəkistan millisi 2026-cı ilin sentyabr ayında İran yığma komandası ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.
Arena.az bu barədə Özbəkistan Futbol Assosiasiyasına istinadən xəbər verir.
Qarşılaşma sentyabrın 24-də Fərqanə şəhərindəki “İstiqlol” stadionunda keçiriləcək.
Görüş sentyabr ayındakı FIFA beynəlxalq oyunlar pəncərəsi çərçivəsində təşkil olunacaq. İtaliyalı mütəxəssis Fabio Kannavaronun rəhbərlik etdiyi Özbəkistan yığması bu matçdan 2027-ci ildə Səudiyyə Ərəbistanında keçiriləcək Asiya Kubokuna hazırlıq məqsədilə istifadə edəcək.
Özbəkistan və İran son illərdə bir neçə dəfə qarşılaşıb. Komandaların son görüşü 2025-ci ilin noyabrında baş tutub. Həmin qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb, penaltilər seriyasında isə Özbəkistan 4:3 hesabı ilə qalib gəlib.
Özbəkistan yığmasının sentyabr görüşündən sonra da hazırlıq proqramını davam etdirəcəyi bildirilir. Komanda oktyabrın 6-da Cənubi Koreya ilə daha bir yoldaşlıq matçı keçirməyi planlaşdırır.
Qeyd edək ki, İran da 2026-cı il dünya çempionatında iştirak edib. Sentyabr görüşü hər iki komanda üçün qarşıdakı beynəlxalq yarışlara hazırlıq baxımından əhəmiyyətli sınaq olacaq.


