Futbol üzrə Azərbaycan çempionu “Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinə yüksəlib.
Arena.az xəbər verir ki, Bakı klubu buna pley-offda İsrailin “Hapoel” (Beer-Şeva” komandasını) mübarizədən kənarlaşdırmaqla nail olub – 1:2, 5:2.
Azərbaycan futbolu tarixində 3-cü dəfə təmsilçimiz qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində oynayacaq. Bunadək “Qarabağ” 2017/18 və 2025/26 mövsümlərində belə uğura imza atıb.
Bu uğur sayəsində “Sabah” bir neçə rekordla ölkə futbolu tarixinə düşüb. Paytaxt təmsilçisi UEFA Çempionlar Liqasındakı debüt mövsümündə əsas raunda qədər irəliləyən ilk Azərbaycan komandasıdır.
Valdas Dambrauskasın yetirmələri həm də UEFA Çempionlar Liqasında 4 mərhələ adlayaraq əsas raunda vəsiqə qazanan ilk və yeganə Azərbaycan klubu olub.
Ümumilikdə isə tarixdə 3-cü dəfə Azərbaycan klubu əsas mərhələyə qədər 4 tur keçib. “Qəbələ” 2015/2016-cı və 2016/2017-ci illər mövsümlərində Avropa Liqasında 4 komandanı mübarizədən kənarlaşdırdıqdan sonra qrupa vəsiqə əldə edib. “Bayquşlar” isə “Hapoel”ə qədər 1-ci təsnifat mərhələsində Uelsin TNS komandasını (2:0, 2:1), 2-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-i (1:0, 2:0), 3-cü təsnifat mərhələsində Danimarkanın “Orhus” komandasını (1:2, 4:0) mübarizədən kənarlaşdırıb.
Bundan başqa, “Sabah” qələbə sayında da rekord vurub. Bakı təmsilçisi bir mövsümdə təsnifat və pley-off mərhələlərində 6 qələbə qazanan ilk Azərbaycan klubu olub. Bununla da qrup və ya liqaya yüksələnədək 5 qələbə qazanmış “Qarabağ”la “Qəbələ”nin rekordu yenilənib. 2013/2014, 2023/2024 və 2025/2026 mövsümlərində “Qarabağ”, 2016/2017 mövsümündə “Qəbələ” 5 qələbə qazanmışdı.
“Sabah” cari mövsümdə Azərbaycanın UEFA reytinqinə 1,500 əmsal qazandırıb. Bu, təsnifat və pley-off mərhələləri üçün ölkə futbolu tarixinin rekordunun təkrarıdır. 2023/2024-cü illər mövsümündə “Qarabağ” 5 qələbə və 2 heç-heçə ilə eyni göstəriciyə – 1,500 xala sahib çıxmışdı.


