Çeferin: “FİFA prezidenti olmaqda maraqlı deyiləm”

UEFA prezidenti Aleksander Çeferin FİFA-nın qarşıdakı prezident seçkilərində Canni İnfantinoya rəqib olmayacağını bildirib.

Arena.az xəbər verir ki, sloveniyalı funksioner “Rest is Politics” podkastında FİFA prezidentliyinə namizəd olmaqda maraqlı olmadığını deyib.

“FİFA prezidenti olmaqda maraqlı deyiləm. UEFA-nı və orada gördüyüm işi sevirəm. Bundan başqa, bu vəzifəyə maraqlı olmadığım halda nüfuzum və mənə olan etimad daha yüksək olacaq”.

FİFA prezident seçkilərinin 2027-ci ilin martında Mərakeşdə keçirilməsi planlaşdırılır. Hazırkı prezident Canni İnfantino isə seçkilərdə iştirak etmək niyyətində olduğunu daha əvvəl açıqlayıb.

Bununla belə, Çeferin İnfantinonun postundan istefa verə və ya seçkilərdə iştirakdan imtina edə biləcəyini də istisna etməyib. UEFA rəhbərinin sözlərinə görə, bunun üçün İnfantino cəmiyyət, azarkeşlər, futbolçular, keçmiş futbolçular və məşqçilər arasında kifayət qədər dəstəyinin olmadığını anlamalıdır. Əks halda, Çeferinin fikrincə, mart seçkilərində onun rəqibi ortaya çıxa bilər.

Çeferin həmçinin İnfantinonun Dünya Kubokunun kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı planını sərt tənqid edib. UEFA rəhbəri bu təşəbbüsü hətta Avropa klublarının Super Liqa yaratmaq cəhdindən də daha təhlükəli hesab etdiyini bildirib.

İnfantino 2016-cı ildən FİFA prezidentidir və iki dəfə alternativsiz şəkildə yenidən seçilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: