Ravil Qafarov və Mehrac Baxşalı “Şahdağ Qusar”da!

“Qəbələ”nin futbolçusu Mehrac Baxşalı və “Şamaxı”dan ayrılmış Ravil Qafarov bundan sonra “Şahdağ Qusar”ın uğurları üçün çalışacaqlar.

Arena.az xəbər verir ki, bu barədə Qusar klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub Premyer Liqa təmsilçisi “Qəbələ”dən Mehrac Baxşalını icarə əsasında heyətinə cəlb edib. 23 yaşlı hücumçu cari mövsümün sonuna qədər yeni komandasında çıxış edəcək.

Əyalət klubu azad agent statusuna malik Ravil Qafarov ilə də müqavilə imzalayıb. 20 yaşlı futbolçunun müqaviləsinin müddəti 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Ravilin son klubu “Şamaxı” olub. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvüdür.

“Şahdağ Qusar” Gülağa Əsədovu da heyətinə cəlb edib. 23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb. Əsədovun son klubu “Ordu” olub.

Ötən mövsümü “Səbail”in heyətində keçirmiş Fəxri Məmmədli də “Şahdağ Qusar”a keçib. 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvü olan futbolçunun müqaviləsinin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Daha bir yeni transferi Ürfan İsmayılovdur. 30 yaşlı futbolçu ilə 1+1 illik sözləşmə imzalanıb. Təcrübəli yarımmüdafiəçi ötən mövsümü “Şəfa”da keçirib.

Qusar təmsilçisi qapıçı Elməddin Sultanovu da heyətinə qatıb. Qolkiper növbəti mövsümü bu komandanın heyətində keçirəcək. 25 yaşlı qapıçı “Qəbələ”nin yetirməsidir. Onun son klubu “Baku Sportinq” olub.

“Şahdağ Qusar” iki futbolçusu ilə də yeni müqavilə bağlayıb. Qapıçı Müşviq Nadirov və hücumçu Famil Camalovla müqavilənin müddəti artırılıb. Hər iki futbolçu növbəti mövsümün sonuna qədər bu komandanın uğurları üçün çalışacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: