Portuqaliyanın “Pasuş de Ferreyra” klubunun braziliyalı qapıçısı Xeymes Almeyda bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2026/2027-ci illər mövsümü üçün heyəti gücləndirmək yönündə çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçu keçidini reallaşdırıb. Sözügedən klub Portuqaliyanın “Pasuş de Fereyra” klubunda çıxış etmiş Xeymes Almeyda ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı qapıçı yeni komandasında 1 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Xeymes Braziliyanın “Santos” klubunun yetirməsidir. Qapıçı karyerası ərzində Portuqaliyanın “Pasuş de Fereyra” və “Montaleqre” klublarında çıxış edib.
Xatırladaq ki, “Sumqayıt” daha öncə Ukraynanın “Polesye” klubundan icarəyə götürdüyü Emil Mustafayevin transfer hüquqlarını aldığını açıqlamışdı. Aleksandr Ramalinqom, Rayan Senhadji, Sənan Muradlı və Mehdi Cənnətov isə bu komandanı tərk ediblər.


