2026/2027-ci illər mövsümündə də Birinci Liqada mübarizə aparacaq “Səbail” heyətini daha bir futbolçu – Abbas Ağazadə ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Səbail” son olaraq Premyer Liqada “İmişli”də çıxış etmiş Abbas Ağazadə ilə 1+1 illik müqavilə bağlayıb.
“Qəbələ”nin yetirməsi olan Abbas, karyerası ərzində MOİK, “Sabah”, “Turan Tovuz” və “Şamaxı”da da forma geyinib. 27 yaşlı dayaq yarımmüdafiəçisi 2024-cü ilin yayından “İmişli”nin uğurları üçün çalışırdı. O, ötən mövsüm əyalət klubunun heyətində meydana çıxdığı 35 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Səbail” bu yay sabiq oyunçularından Bahadur Həziyev, Rubin Seyidov, Vüsal Məsimov və Zeynəddin Abdurrahmanovu heyətinə qaytarmış, həmçinin “Sumqayıt”dan Mehdi Cənnətovu, “Mingəçevir”dən isə Kənan Quliyevi transfer etmişdi.


