ABŞ millisinin hücumçusu Folarin Baloqun DÇ-2026 zamanı ləğv edilən qırmızı vərəqə ətrafında yaranan qalmaqalla bağlı ilk dəfə danışıb.
Arena.az xəbər verir ki, Belçikaya 1:4 hesabı ilə uduzduqları 1/8 final matçından sonra açıqlama verən futbolçu baş verənləri özü üçün ciddi sınaq adlandırıb:
“Qırmızı vərəqə alanda bu qərarı qəbul etdim. Daha sonra oynamağıma icazə verildiyini də qəbul etdim. Bu mövzuda hazırda xüsusi deyəcəyim bir şey yoxdur. Sadəcə, Belçika millisini təbrik etdim. Rudi Qarsiya mənə dedi ki, ümid edir, bu hadisə dünya çempionatını mənim üçün kölgədə qoymayacaq və pozitiv qalmağa çalışmalıyam. Düşünürəm ki, bu vəziyyət mənim üçün müəyyən sınaq olacaq. Fikirlərimi toplamalıyam və əminəm ki, vaxtı gələndə bu barədə daha ətraflı danışacağam”, – deyə Baloqun bildirib.
Xatırladaq ki, ABŞ millisinin hücumçusu Bosniya və Herseqovina ilə 1/16 final görüşündə rəqib müdafiəçi Tarik Muharemoviçə kobud oyuna görə qırmızı vərəqə almışdı. Lakin FIFA İntizam Komitəsi sonradan futbolçunun diskvalifikasiyasını müvəqqəti dayandıraraq ona Belçikaya qarşı 1/8 final oyununda iştirak etməyə icazə vermişdi. Bu qərar böyük müzakirələrə səbəb olmuş, Belçika Futbol Assosiasiyasının apellyasiya şikayəti isə rədd edilmişdi.
Bu arada FIFA Baloqunu qırmızı vərəqə aldığı epizoda görə 40 min ABŞ dolları məbləğində cərimələyib. Məlumata görə, cərimənin yarısını ABŞ Futbol Federasiyası ödəyəcək.
Beləliklə, Baloqun diskvalifikasiyadan azad olunsa da, intizam pozuntusuna görə maliyyə sanksiyası ilə üzləşib.


